SİYASƏT
Sankt-Peterburqda Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 50 illiyi və Respublika Günü qeyd edilmişdir
Bakı, 30 may (AZƏRTAC). Mayın 29-da Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda Ümumrusiya Azərbaycanlılar Konqresinin Sankt-Peterburq regional bölməsi ilə birlikdə Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 50 illiyi və Respublika Günü qeyd edilmişdir.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Sankt-Peterburq və Leninqrad vilayəti administrasiyasının nümayəndələri, Sankt-Peterburq şəhər və Leninqrad vilayət qanunverici məclislərinin deputatları, Sankt-Peterburqdakı aparıcı universitetlərin rektorları, muzeylərin direktorları, konsul missiyalarının rəhbərləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər. Leninqrad vilayəti Qanunverici Məclisinin deputatı, Sankt-Peterburq azərbaycanlılarının fəxri sayılan Sayad Əliyev də tədbir iştirakçıları arasında olmuşdur.
Baş konsul Qüdsi Osmanov çıxış edərək tədbir iştirakçılarına Azərbaycanın dinamik inkişafı, ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və müsbət dəyişikliklər barədə məlumat vermişdir. Strateji tərəfdaşlıq və mehriban qonşuluq məcrasında inkişaf edən Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını qeyd edən baş konsul Bakıda “Eurovision” mahnı müsabiqəsinin layiqli səviyyədə keçirilməsinə görə Avropa ölkələrinin Azərbaycana yüksək qiymət verdiklərini nəzərə çatdıraraq, Rusiyanın “Buranovskiye babuşki” qrupuna azərbaycanlıların səmimi rəğbət bəslədiyini vurğulamışdır.
Sankt-Peterburq hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Aleksandr Proxorenko əlamətdar tarixi gün münasibətilə qubernator Georgi Poltavçenkonun təbriklərini çatdırmış və qeyd etmişdir ki, Azərbaycan ilə Rusiya arasında müasir münasibətlərin təməli dünya siyasətinin patriarxı Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Azərbaycanın regionda sabitləşdirici rolunu vurğulamışdır.
Leninqrad Vilayəti Qanunverici Məclisinin deputatı Vadim Qustov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə şəxsən tanış olması, onunla dəfələrlə görüşməsi barədə söhbət açmış, eyni zamanda, Azərbaycanda müxtəlif sahələrdə müşahidə olunan hərtərəfli inkişafı və Prezident İlham Əliyevin müdrik, ölçülüb-biçilmiş siyasətini qeyd etmişdir.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Sankt-Peterburq regional bölməsinin rəhbəri Akif Qasımov diaspor tərəfindən keçirilən tədbirlər barədə məlumat verərək, Rusiya ictimaiyyətinin diqqətini Azərbaycan reallıqlarına cəlb etməyin vacib olmasını vurğulamışdır.
Tədbirin keçirildiyi Petropavlovsk qalası Komendant evinin zalında qonaqlar Azərbaycana və Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyinə həsr edilmiş sərgi ilə tanış olmuşlar. Sərgidə Azərbaycan və Rusiya prezidentlərinin və digər rəsmi şəxslərin görüşlərini, ikitərəfli münasibətlərin müxtəlif aspektlərini əks etdirən fotoşəkillər nümayiş etdirilmişdir.