Sankt-Peterburqda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı ilə bağlı müzakirələr aparılıb
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Aleksey Overçukla görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Dövlət başçılarının siyasi iradəsinin və dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, həmçinin keçirilən birgə tədbirlərin əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı, birgə layihələrin icrası, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələləri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyət gündəliyinə daxil olan məsələlər müzakirə edilib, Komissiyanın qarşıdan gələn iclasının gündəliyindəki mövzular barədə fikir mübadiləsi aparılıb.
Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə infrastrukturun inkişafı üçün zəruri olan normativ hüquqi bazanın yaradılmasına dair Fəaliyyət Planının icrasını və atılacaq növbəti addımları müzakirə ediblər.
Görüşdə Fəaliyyət Planı üzrə işlərin sürətləndirilməsinə dair məsələlər də nəzərdən keçirilib.