Şanlı Aprel döyüşçüsünün şəhidlik zirvəsi
Masallı, 2 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimiz heç vaxt unudulmur, onlar daim yad edilir, adları uca tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə şəhidlərimizdən biri Masallı rayonunun Viləş kəndində anadan olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Nurlan Əsgərovdur.
Onun 21 yaşı vardı. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurmuşdu. Vətən sevgisi onu hərbi işə bağladığından müddətdən artıq xidmət etməyə başladı.
Bacarığı və insani keyfiyyətləri ilə komandir və əsgər heyətinin rəğbətini qazanmışdı.
2016-cı ilin Aprelin əvvəllərində ermənilərin təxribatının qarşısını alarkən Nurlan Əsgərov qəhrəmancasına həlak oldu.
Aprelin 5-də o, doğulduğu Masallı rayonunun Viləş kəndində son mənzilə yola salındı.
Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Nurlan Əsgərov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Böyüyüb boya-başa çatdığı Viləş kəndinin əsas küçəsinə onun adı verilib, barelyefi və xatirə lövhəsi vurulub.
Anası Ziba Əsgərova oğlu ilə qürur duyduğunu deyir: “Mən övladımın igidliyi ilə qürur duyuram. O, Vətən uğrunda, torpaq uğrunda şəhid oldu. Yoldaşlarına sadiq idi, idmanı çox sevirdi, Vətənə bağlı idi, Allaha inamı güclü idi. Məktəb vaxtı çox sakit uşaqdı, ancaq sonradan boks və cüdo ilə məşğul olmağa başladı”.
Qeyd edək ki, Nurlanın qardaşı İntiqam da hərbçi olub. Onlar bir yerdə xidmət ediblər. Aprel döyüşlərində hər iki qardaş düşmənə qarşı qəhrəmanlıqla döyüşüb. Nurlan şəhid olduğu vaxt onu döyüş meydanından məhz İntiqam çıxarıb.