İQTİSADİYYAT
Sarvan Cəfərov: 5 il ərzində suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb
![Sarvan Cəfərov: 5 il ərzində suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb](/files/2024/1/1200x630/17104123302012924109_1200x630.jpg)
Bakı, 14 mart, AZƏRTAC
İdərəolunan suvarma sistemlərinin təşviqi məqsədilə son 5 il ərzində Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.
Nazir müavini qeyd edib ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 19 iyul tarixli müvafiq Fərmanına əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı, eləcə də bu kontekstdə pivot suvarma sistemlərinin qurulması ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulmuş və hazırda bu proqram uğurla davam etdirilir.
“Digər təşviq aləti kimi Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr müvafiq qərarı ilə “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı” təsdiq edilməsini göstərmək olar”, - deyə Sarvan Cəfərov bildirib.
Onun sözlərinə görə, artıq fermerlər üçün nəzərdə tutulmuş bütün növ dövlət dəstəyi məhz bu platforma vasitəsilə birbaşa fermerlərin özünə ödənilir. Eyni zamanda, bu sistem zəngin məlumat bazası vasitəsilə aqrar siyasətin formalaşdırılmasına geniş imkanlar yaradır.