SAXTA MALLAR SATIŞDAN ÇIXARILIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Bakı şəhərində, eləcə də respublikanın ayrı-ayrı regionlarında ictimai iaşə və ticarət obyektlərində monitorinqləri davam etdirir.
İyun ayında keçirilmiş monitorinqlər zamanı biskvit və qənnadı məhsulları, kərə yağı, sərinləşdirici içkilərlə bağlı bir sıra nöqsanlar aşkar edilmişdir.
Xidmətə daxil olmuş şikayət ərizəsi əsasında Dərnəgül şosesində yerləşən “Zolotaya LTD”yə məxsus ticarət anbarında keçirilmiş yoxlama zamanı yararlılıq müddəti ötmüş, lakin istehsal tarixi dəyişdirilərək saxta markalanmış 648, yararlılıq müddəti keçmiş 2258 biskvit və qənnadı məhsulu aşkarlanmışdır. Bu məhsullar məhv edilmiş, obyektin sahibinə inzibati qaydada cərimə tətbiq olunmuşdur.
Dövlət Xidmətinin Abşeron regional sektoru tərəfindən keçirilmiş nəzarət yoxlamaları zamanı isə istifadə müddəti ötmüş 31 adda müxtəlif yeyinti məhsulu aşkarlanaraq satışdan çıxarılmış, cərimələr tətbiq edilmişdir.
Xidmətin regional bölmələri tərəfindən müxtəlif regionlarda aparılan monitorinqlər zamanı da oxşar faktlar aşkarlanmışdır. Belə ki, Aran regional sektoru tərəfindən Ucar, Bərdə, Göyçay, Ağdaş, Kürdəmir, Sabirabad rayonlarında və Şirvan şəhərində keçirilmiş monitorinqlərdə yararlılıq müddəti ötmüş 46 adda 379 ədəd, mənşəyi məlum olmayan 15 adda 109 ədəd mal satışdan çıxarılmışdır. Aran regionunun ticarət obyektlərində keçirilən yoxlamalar zamanı kərə yağı adı altında marqarin tərkibli yağın satıldığı məlum olmuş, həmin yağ satışdan çıxarılmışdır.
Quba-Xaçmaz regional sektoru əməkdaşlarının apardığı yoxlamalar zamanı normativ-texniki sənədlərə cavab verməyən 4 min ədəd “Rıçal” suyu, 108 ədəd qazlaşdırılmış süfrə suyu, 341 ədəd qablaşdırılmış yeyinti məhsulu satışdan çıxarılmış, obyekt sahibləri barədə inzibati tədbirlər görülmüşdür.
Lənkəran regionunda keçirilən analoji tədbirlər nəticəsində istifadə müddəti keçmiş 24 adda 61 ədəd, mənşəyi məlum olmayan 57 adda 360 ədəd istehlak malı satışdan çıxarılmış, obyekt sahibləri inzibati qaydada cərimələnmişlər.
Ümumilikdə, Dövlət Xidməti tərəfindən iyun ayında aparılmış monitorinqlər zamanı normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan 162 adda 1553 ədəd, saxlama müddəti keçmiş 462 adda 5766 ədəd və mənşəyi məlum olmayan 266 adda 1686 ədəd ərzaq məhsulu aşkarlanmışdır. Bunlardan 462 adda 5736 ərzaq məhsulu satışdan çıxarılaraq məhv edilmiş, 266 adda 1686 məhsul isə mənşəyinin aydınlaşdırılması məqsədi ilə satışdan çıxarılaraq maddi-məsul şəxsə təhvil verilmişdir.
Dövlət Xidməti tərəfindən inzibati xətaya yol vermiş şəxslərə iyun ayı ərzində 23 min manata yaxın cərimə tətbiq olunmuşdur.
Monitorinqlər davam edir.