Səbail rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxs tutulub VİDEO
Bakı, 8 aprel, AZƏRTAC
Paytaxtın Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Azər Qurbanov tutulub. Bu şəxsdən külli miqdarda bükümlər şəklində qablaşdırdığı narkotik vasitə heroin, tiryək, psixotrop maddə olan metamfetamin və elektron tərəzi aşkarlanıb.
Azər Qurbanov ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Saxlanılan şəxs barəsində Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Azər Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.