SEÇKİ MƏCƏLLƏSİ LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS BAŞA ÇATDI
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müzakirəsinə həsr olunmuş elmi-praktik konfrans fevralın 27-də öz işini davam etdirmişdir.
ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhard bildirdi ki, konfransın ikinci iş günündə, əsasən, Avropa Şurası Venesiya komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Seçki Sistemi üzrə Beynəlxalq Fondun layihəyə dair konkret tövsiyələri və bunların məcəllədə öz əksini tapması məsələləri müzakirə olunacaqdır.
Seçki Məcəlləsi layihəsinin əsas müddəaları barədə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev məlumat verdi. Onun fikrincə, layihənin detallaşdırılması məhz seçki prosesində yarana biləcək çətinliklərin aradan qaldırılmasına xidmət edir. Əvvəllər seçkilərin və referendumların keçirilməsi sahəsində kifayət qədər toplanmış təcrübə sübut etmişdir ki, bu proseslərdə ən böyük problem qanunun eyni cür tətbiqindən yaranır. Referendum, parlament, prezident və bələdiyyə seçkiləri başqa-başqa qanunlarla tənzimləndiyindən, hər il müxtəlif seçki komissiyalarında, müxtəlif səviyyələrdə treninqlər keçirilirdi. Lakin nəticədə həm seçki komissiyasının üzvləri, həm də seçki prosesində iştirak edənlər qarmaqarışıqlıqlarla üzləşirdi. Yeni sənədin tətbiq olunmasının əsas məqsədlərindən biri bu anlaşılmazlıqları aradan qaldırmaqdır.
Məcəllə layihəsində digər mühüm məqam seçki komissiyalarının bütün səviyyələrdə peşəkar əsaslarla təşkil olunması məsələsidir. Bu məqsədlə ölkədə peşəkar, qanunun tətbiqi sahəsində ixtisaslaşmış seçki orqanı yaradıla bilər.
Şahin Əliyev namizədlərin, siyasi partiyaların və müşahidəçilərin davranma qaydalarından bəhs edərək dedi ki, Seçki Məcəlləsi layihəsinin müvafiq maddələrinə görə, bu prinsiplərə riayət olunması könüllüdür. O, təəssüf etdiyini bildirdi ki, hazırda nə siyasi partiya üzvlərinin, nə də jurnalistlərin etika kodeksi yoxdur. Bu ona gətirib çıxarır ki, seçki kampaniyası və seçkilərin işıqlandırılması zamanı namizədlərin və siyasi partiyaların nüfuzuna və ləyaqətinə xələl gətirən ifadələrə və hərəkətlərə yol verilir. Halbuki demokratik dövlət və cəmiyyətlər üçün bu cür davranış normaları dözülməzdir. Ona görə etika kodekslərinə aid edilən normalar bu məcəllədə öz əksini tapmışdır. Belə normalar müşahidəcilər üçün də nəzərdə tutulub və bunlar seçkilər üzrə Stokholm İnstitutunun nəşr etdiyi “Müşahidəçilər üçün davranış prinsipləri” əsas götürülməklə hazırlanmışdır.
Bildirildi ki, bu layihədə namizədlərin qeydiyyatı prosesi kifayət qədər sadələşdirilib, MSK-nın, dairə seçki komissiyalarının hər bir namizədin qeydiyyatını rədd etmək imkanı maksimum dərəcədə məhdudlaşdırılıb, toplanılan seçici imzalarının sayı azaldılıbdır. Parlament və bələdiyyə seçkiləri zamanı seçiciyə bir necə namizədə imza vermək imkanı yaradılmışdır. Namizədlərin qeydiyyatını isə yalnız məhkəmələr rədd edə bilər. Lakin nəzərdə tutulan daha bir yenilik MSK-ya və dairə seçki komissiyalarına inzibati sanksiyalar tətbiq etmək səlahiyyəti verir.
Digər bir yenilik seçki qutularının, bülletenlərinin və protokollarının tərtib olunma qaydalarına aiddir. Bununla bağlı qeyd olundu ki, göstərilən sənədlərə vurulan möhürlər nömrələnəcəkdir. Seçkilərə dair məlumatların bir neçə dəfə dərc olunması da nəzərdə tutulur. Seçkilərin tam nəticələri 45 gün müddətində, seçki protokolları isə 6 aydan gec olmayaraq, kitab şəklində dərc edilməlidir.
Konfransda çıxış edənlər seçkilər üzrə alternativ informasiya mərkəzinin yaradılması məsələsinə toxundular. Bu barədə suallara cavab verən Şahin Əliyev dedi ki, ilk dəfə olaraq, mövcud avtomatik informasiya sisteminə seçicilərin vahid siyahısı tutulub əlavə ediləcək və bu siyahı hər il təzələnəcəkdir. Alternativ informasiya sisteminin yaradılmasına gəldikdə isə, hər bir demokratik dövlətdə olduğu kimi, Azərbaycanda da müxtəlif qurumların və şəxslərin informasiya almasına, onu işləyib yaymasına məhdudiyyət qoyulmur.
Konfransda müxalifətin alternativ seçki məcəlləsi təqdim etməsi məsələsi də vurğulandı. Qeyd olundu ki, bir il əvvəl bu qüvvələrin alternativ layihə hazırlaması barədə deyilənlərə baxmayaraq, işçi qrupuna heç bir sənəd təqdim edilməmişdir. Bu fikirləri təsdiq edən Birləşmiş Müxalifət Hərəkatı adlanan qurumun nümayəndəsi Vaqif Hacıbəylinin sözlərinə görə, onlar işçi qrupuna alternativ layihə deyil, bir sıra təkliflər təqdim etmişlər. Müxalifət nümayəndəsi söylədi ki, Azərbaycanda əvvəlki seçkilər normal, qanun pozuntuları olmadan keçirilsə də, əsas saxtakarlıqlar bülleten və protokollar imzalandıqdan sonra guya “yuxarıların“ göstərişi ilə baş veribdir. Onun sözlərinə etiraz edən Milli Məclisin deputatı Əli Əhmədov təəssüflə vurğuladı ki, müxalifət nümayəndələri konfransın gedişində müzakirə olunan sənədə dair konkret təkliflərlə çıxış etmək əvəzinə, siyasi bəyanatlar verməklə məşğuldurlar. Parlamentin digər üzvü Bahar Muradova isə vurğuladı ki, müxalifəti seçkilərin normal keçirilməsi deyil, seçki proseslərini necə pozmaq məsələsi düşündürür. Vaqif Hacıbəylinin özünü gah Birləşmiş Müxalifət Hərəkatının təmsilçisi, gah adi vətəndaş, gah da müstəqil hüquqşünas kimi təqdim edərək, konfransın rəyasət heyətində əyləşməsini parlamentdə təmsil olunan Ana Vətən Partiyasının sədri və Fəzail Ağamalı konfrans iştirakçılarına hörmətsizlik kimi qiymətləndirdi.
Bununla yanaşı, çıxış edən müxalifət nümayəndələri Seçki Məcəlləsi layihəsini hazırlayan işçi qrupunun gərgin əməyini vurğuladılar və öz təkliflərini fevralın 28-də keçiriləcək müzakriələrə təqdim edəcəklərini bildirdilər.
Ən çox mübahisə doğuran məsələyə - MSK-nın təşkil olunması məsələsində bəzi müxalifət dairələrinin Ukrayna modelinə daha çox istinad etmələrinə də münasibət bildirildi. Qeyd olundu ki, Mərkəzi Seçki Komissiyasının formalaşması zamanı siyasi partiyalar arasında püşkatma keçirilməsini nəzərdə tutan bu model ölkəmizdə mövcud olan siyasi şəraitə heç də uyğun gəlmir. Göstərilən dairələr bunda israr edərkən sosial bazadan məhrum olduqlarını açıq-aşkar başa düşür və bu komissiyalarda təmsil edilməyin yolunu yalnız püşkatma kimi bəsit və asan vasitədə görürlər.
Daha sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev konfrans iştirakçılarına Seçki Məcəlləsi layihəsinin parlamentdə qəbulu prosesi haqqında məlumat verdi. Layihəni əvvəlki seçki qanunları ilə müqayisədə mükəmməl və beynəlxalq standartlara cavab verən sənəd kimi qiymətləndirən natiq vurğuladı ki, bu gələcəkdə demokratik və şəffaf seçkilər keçirilməsi üçün əlverişli baza yaradır. Seçki Məcəlləsi layihəsinin müzakirəsinin analoqu olmayan aşkarlıq şəraitində keçirildiyini bildirən Səfa Mirzəyev xatırlatdı ki, ötən ilin dekabrında yenə də ATƏT-in və İFES-in təşəbbüsü ilə Milli Məclisdə aparılmış müzakirələr zamanı çox dəyərli fikirlər söylənilmiş və onlar layihədə öz əksini tapmışdır. Layihənin parlamentdə təmsil olunan bütün siyasi partiyalara çatdırıldığını da bildirən natiq sənədin bu ilin əvvəlində Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə göndərildiyini və parlament komissiyalarına paylandığını xatırlatdı. O dedi ki, qarşıdakı prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi iqtidarın başlıca məqsədidir.
Səfa Mirzəyev parlamentdə qanunların qəbul olunması mexanizmi haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi və xüsusi qeyd etdi ki, qanunvericilik orqanının fəaliyyəti ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olduğu üçün qanun yaradıcılığı və qanunların qəbul olunması prosesinin aşkarlığı çox böyük əhəmiyyətə malikdir. Bir çox kütləvi informasiya vasitələri normal qanunvericilik prosesini deyil, parlamentdə baş verən mübahisələri işıqlandırmaqla məşğul olurlar. Bildirildi ki, müzakirə olunan layihədə gələcəkdə keçiriləcək prezident, parlament, bələdiyyə seçkilərində və referendumlar zamanı seçki dairələrində jurnalistlərdən ibarət xüsusi qruplar yaradılması nəzərdə tutulur. Onların əsas vəzifəsi seçkiləri işıqlandıran KİV-lərə nəzarət etməkdən ibarət olacaqdır.
Seçki komissiyalarında qeyri-hökumət təşkilatlarının təmsil olunması məsələsinə gəldikdə isə, bildirildi ki, layihədə onların seçkilər zamanı müşahidəçi qismində iştirak etməsi nəzərdə tutulmuşdur. Bu müddəa hazırda qüvvədə olan qeyri-hökumət təşkilatları haqqında qanuna uyğundur.
Ümumilikdə müşahidəçilərə gəldikdə isə, onların qeydiyyatının daha dəqiq aparılması, müşahidəçi vəsiqələrinə fotoşəkillərin əlavə edilməsi, əvvəlki seçkilərdən fərqli olaraq, vəsiqələrin fərdi qaydada təqdim olunması da müsbət qiymətləndirildi.
Daha sonra beynəlxalq təşkilatların nümayəndələri layihəyə dair öz münasibətlərini bildirdilər. Avropa Şurası Venesiya Komissiyasının eksperti Nikolay Kazerovskinin sözlərinə görə, layihədə beynəlxalq və yerli müşahidəçilərin eyni hüquqa malik olmasının nəzərdə tutulması yüksək qiymətləndirilməlidir. Bu, gələcəkdə keçirilən seçkilərdə şəffaflığın artırılmasına xidmət edən bir addımdır. Onun fikrincə, protokolların surətinin müşahidəçilərə paylanılması barədə müddəalar da təqdirəlayiqdir. Ekspert seçki saxtakarlıqlarını tam istisna edən bir sıra digər məqamları da sadaladı. Onların sırasında səyyar səsvermə qutularının tətbiqi, dövlətin kütləvi informasiya vasitələrində bütün namizədlər üçün bərabər şərait yaratması, əvvəlki seçkilərdə mövcud olmuş əlavə seçici siyahılarının ləğv edilməsi və digər yeniliklər müsbət qiymətləndirildi.
Bütün bunlarla yanaşı, beynəlxalq ekspertlər xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının seçkilərdə müşahidəçi qismində iştirakının da zəruriliyini söylədilər. Mərkəzi Seçki Komissiyasının və digər seçki komissiyalarının peşəkar əsasda təşkil olunması haqqında layihəyə əlavə edilmiş müddəaları yüksək qiymətləndirən ekspertlər bildirdilər ki, əvvəlki seçkilərdə yol verilmiş bəzi nöqsanlar məhz bu komissiyaların üzvlərinin qeyri-peşəkarlığının nəticəsi idi. Onların sözlərinə görə, məhəlli seçki komissiyalarının üzvləri seçkiqabağı prosesdə təyin olunmalı, yuxarı seçki komissiyasının qərarları onlar üçün məcburi xarakter daşımalıdır.
Seçki Məcəlləsi layihəsinin beynəlxalq standartlara uyğun olduğunu bir daha vurğulayan ATƏT-in, İFES-in, Avropa Şurası Venesiya Komissiyasının ekspertləri yeni tövsiyələrlə də çıxış etdilər. Seçkilər zamanı şəffaf qutulardan istifadə olunması, seçicilərin siyahılarında barmaqların mürəkkəbə batırılması və sair bu kimi kiçik detalların sənədə əlavə olunmasının vacibliyi vurğulandı. Bütün ekspertlər təkrar vurğuladılar ki, beynəlxalq təşkilatların əsas vəzifəsi hər hansı bir ölkədə seçkilərlə bağlı siyasi məsələlərə qarışmaqdan ibarət deyildir. Bu təşkilatlar yalnız seçki qanunvericiliyinin işlənilib hazırlanmasında hüquqi kömək göstərirlər. Ona görə də konkret şəraiti nəzərə alaraq, beynəlxalq ekspertlərin tövsiyələrini qəbul edib-etməməsi Azərbaycan hökumətinin hüququdur.
Beynəlxalq təşkilatların nümayəndələrinin xüsusi diqqət yetirdiyi məqamlardan biri də Seçki Məcəlləsi layihəsinin geniş ictimaiyyətə ətraflı çatdırılması idi. Bu sahədə mətbuatın rolu və seçkilərin peşəkar jurnalistlər tərəfindən işıqlandırılmasının əhəmiyyəti vurğulandı.
Beynəlxalq ekspertlərin yekdil rəyinə görə, layihə Azərbaycanda prezident, parlament, bələdiyyə seçkilərinin və referendumların demokratik və şəffaf şəraitdə keçirilməsinə zəmin yaradır.
Müzakirələrə yekun vuran ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhard ikigünlük müzakirələrin əhəmiyyətini qeyd etdi və Seçki Məcəlləsinin hazırlanması üzrə işçi qrupunun səylərini xüsusi vurğuladı.
Konfransın işində Prezidentin İcra Aparatının şöbə müdirləri Əli Həsənov, Fuad Ələsgərov, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş nümayəndəliklərinin rəhbərləri iştirak edirdilər.