Seçkilərin təxirə salınmasına etiraz edən Efiopiya parlamentinin sədri istefa verib
Qahirə, 9 iyun, AZƏRTAC
Efiopiyada avqustda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin Baş Nazir Abiy Əhməd Əli tərəfindən təxirə salınmasına etiraz edən ölkə parlamentinin sədri Kəriyə İbrahim istefa verib.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı seçkilərin COVID-19 pandemiyası ilə əlaqədar gələn il keçiriləcəyini bəyan edib.
Efiopiyanın Tiqray Xalq Azadlıq Cəbhəsi Partiyasının liderlərindən biri olan K.İbrahim bəyan edib ki, hökumətin qərarı vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasıdır. O əlavə edib ki, Baş Nazir pandemiya dövründə ölkədə diktatura sistemi qurmaq istəyir. “Bu, Konstitusiya prinsiplərinin pozulmasıdır və mən ölkə tarixində böyük bir səhvin iştirakçısı olmaq istəmirəm”, -deyə parlamentin qadın spikeri vurğulayıb.
Federal respublika olan Efiopiyanın Tiqray bölgəsi ilə mərkəzi hakimiyyət arasında qarşıdurma parlamentin spikerinin istefası ilə daha da gərginləşib.
Abiy Əhməd Əli 2018-ci ildə əhalisinin sayına görə Afrikanın ikinci böyük dövləti olan Efiopiyada hakimiyyətə gəlib. Geniş siyasi-iqtisadi islahatlar aparan Baş Nazir üçün ən çətin məsələ etnik qruplar arasında razılaşmanın əldə olunmasıdır.
Xatırladaq ki, 2019-cu ildə Efiopiyanın Baş Naziri 80 mindən çox insanın ölümü ilə nəticələnmiş Eritreya ilə münaqişənin nizama salınmasına, habelə ölkədə vətəndaş azadlıqlarının təmin edilməsinə görə Nobel Sülh mükafatına layiq görülüb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə