SƏDDAM HÜSEYN BARƏSİNDƏ ÖLÜM HÖKMÜ DÜNYADA BİRMƏNALI QARŞILANMADI
Avropa Birliyinə sədrlik edən ölkə kimi Finlandiya Səddam Hüseynin ölüm hökmünü yerinə yetirməməyə çağırmışdır. Finlandiya XİN-in bəyanatında deyilir: “Avropa Birliyi bütün hallarda və hər hansı şəraitdə ölüm cəzasının əleyhinədir və bu cəza tədbiri indiki halda icra edilməməlidir”. Sənəddə vurğulanır ki, “məhkəmə prosesləri ədalətli araşdırmanın bütün tələblərinə uyğun olmalıdır”.
BMT-nin insan hüquqları üzrə Ali komissarı Luiza Arbur ümid edir ki, İraq hökuməti Səddam Hüseyn və İraqın digər keçmiş rəhbərləri barəsində ölüm hökmlərinin icrasına yol verməyəcəkdir. Xanım Arbur İraq hökumətini məhkumların hökmdən şikayət vermək hüququnu tamamilə həyata keçirməsini təmin etməyə çağırmışdır. BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik jurnalistlərə bildirmişdir ki, Kofi Annan insan hüquqları üzrə öz Ali komissarının mövqeyinə tam şərikdir.
Böyük Britaniyanın Baş naziri Toni Bleyer də Səddam Hüseyn barəsində ölüm hökmü çıxarılmasının əleyhinə olduğunu bildirmişdir. O demişdir ki, istər Səddam Hüseyn olsun, istərsə də başqa birisi, fərqi yoxdur, Birləşmiş Krallıq ölüm cəzasını məqbul hesab etməyəcəkdir.
Vatikanın fikrincə, Səddam Hüseynin edam edilməsi səhv olacaqdır. “Ədalət və sülh” Papa Şurasının başçısı, kardinal Renato Martino vurğulamışdır ki, Səddam Hüseynin edamı haqq qazandırıla bilinməyən intiqam aktı olacaqdır. Diktator insanlığa qarşı cinayət törətmiş olsa da, hər bir adamın həyatı müqəddəsdir.
İranda isə İraq tribunalının hökmü dəstəklənmişdir. İran XİN-in rəsmi nümayəndəsi Məhəmməd Əli Hüseyni bildirmişdir ki, ölüm cəzası Səddam Hüseynin layiq olduğu minimum cəzadır. Tehran Səddam Hüseyn rejiminə qarşı dəfələrlə ittihamlar irəli sürmüşdür.