Şəfa Mövsümov: Tarix Muzeyində Xocalıya aid eksponatlar qorunur
Bakı, 24 fevral, AZƏRTAC
Əsrlər boyu qəsbkarlıq siyasəti aparan ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə imperiya ordusunun 366-cı motoatıcı alayın zirehli texnikası və şəxsi heyəti ilə birlikdə Xocalı şəhərini mühasirəyə alıb dəhşətli soyqırımı aktı həyata keçirdilər. Bu qırğının nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq öldürülüb, 8 ailə məhv edilib, çoxlu sayda insan yaralanıb və itkin düşüb. Torpaqlarımızı işğal etmək məqsədilə törədilmiş Xocalı faciəsi təkcə xalqımıza qarşı deyil, həm də insanlığa qarşı XX əsrdə həyata keçirilmiş ən böyük cinayət idi.
2021-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış şəhid və qazilərimizə məxsus materialların qorunduğu Vətən müharibəsi fondunda Xocalıya aid eksponatlar diqqəti cəlb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov söyləyib. Ş.Mövsümov bildirib ki, Xocalıya aid materiallar arasında Xocalı Rayon Maarif Şöbəsinin müdiri olmuş Murad Şükürova məxsus şəxsi sənədlər də saxlanılır. Həmin sənədlər (“İgidliyə görə” medalının vəsiqəsi, “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adının vəsiqəsi və s.) muzey eksponatı olaraq inventarlaşdırılıb və Vətən müharibəsi fondunun kolleksiyasına daxil edilib. Xocalı faciəsinin dəhşətlərini görmüş və yaşamış Murad Şükürov tərəfindən fonda təqdim edilmiş qəzetlərdə (“Xocalının səsi”, “Azərbaycan müəllimi” qəzetləri) onun faciə haqqında yazdığı məqalələr, verdiyi müsahibələr erməni qəddarlığından bəhs edir. M.Şükürovun Xocalıdakı şəxsi mənzilinin açarları da fondakı eksponatlar arasındadır.
Vətən müharibəsi fondunda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırova aid materiallar da mühafizə olunur. Onun döyüş yoluna həsr edilmiş “Qarabağ aslanı, qəhrəmanlıq dastanı” adlı kitab da fondda dəyərli nəşr kimi diqqəti cəlb edir. Həmin kitabda azərbaycanlı əsirlərin Allahverdi Bağırova yazdıqları məktublar, onun əsirlikdən xilas etdiyi Xocalı sakinlərinin fikirləri əksini tapıb.