Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb
Bakı, 5 fevral, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə və vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilmiş yazı müsabiqəsinin qalibləri fevralın 5-də mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev tədbiri açaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşmasında ulu öndər Heydər Əliyev tərəfindən mühüm tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlar və dövlət qayğısı sayəsində bu gün Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silah-sursatla təmin olunur.
Z.Abdullayev Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində həyata keçirilən layihələrdə, təşkil olunan tədbirlərdə kütləvi informasiya vasitələrinin fəal iştirak etdiyini bildirib.
Münsiflər heyətinin sədri, polkovnik Niyaz Məmmədov müsabiqəyə 36 yazının təqdim olunduğunu diqqətə çatdırıb.
Sonra qaliblər mükafatlandırılıb.
Qaliblərə diplomlar və mükafatlar təqdim edilib. Müsabiqənin əlavə on iştirakçısına həvəsləndirici mükafatlar verilib.