CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 28 May – Respublika Günü qeyd olunmuşdur
Bakı, 27 may (AZƏRTAC). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Xidmətdən AZƏRTAC-a bildirmişlər ki, toplantıda çıxış edən xidmət rəisinin müavini, general-mayor Novruzəli Orucov Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şəraitdən söz açmışdır. O, 28 May tarixinin hər bir azərbaycanlı üçün qürurverici gün olduğunu vurğulamışdır.
Novruzəli Orucov qeyd etmişdir ki, müstəqilliyi əldə etmək qədər onu qoruyub saxlamaq da çətindir. Yaxın keçmişimizdə baş verən hadisələr də bunun həqiqət olduğunu bir daha sübut etmişdir. Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan onu itirmək təhlükəsi ilə üzləşmişdir.
Xidmət rəisinin müavini Azərbaycanın bu təhlükədən məhz ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində qurtulduğunu vurğulamışdır. Bu gün Azərbaycanın müstəqilliyinin möhkəm təməllər üzərində dayandığını deyən Novruzəli Orucov hər bir kəsin dövlətimizin daha da qüdrətlənməsi üçün çalışmalı olduğunu bildirmişdir.
Tədbir “Cümhuriyyət tarixi” sənədli filminin nümayişi ilə davam etdirilmişdir.