Səfir: energetika sahəsində beynəlxalq əməkdaşlıq Türkmənistanın iqtisadi strategiyasının əsas vektorudur
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də “Trend” Beynəlxalq İnformasiya Agentliyində Türkmənistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinq “Türkmənistan - Böyük İpək yolunun qəlbidir” devizi elan edildiyi 2018-ci ildə ölkənin reallaşdırdığı irimiqyaslı energetika və nəqliyyat layihələrinə həsr olunub.
Səfir Mekan İşanquliyev bildirib ki, Türkmənistan Prezidentinin energetika siyasəti yanacaq-enerji kompleksinin hərtərəfli və sistemli inkişafına, onun şaxələndirilməsinə və qlobal enerji sisteminin dinamik inteqrasiyasına istiqamətlənib. Bu strategiyanın vacib aspekti Türkmənistan enerjidaşıyıcılarını dünya bazarlarına nəql edən ixracat marşrutlarının coğrafiyasının genişləndirilməsidir.
Diplomat diqqətə çatdırıb ki, energetika sahəsində beynəlxalq əməkdaşlıq təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yerdə olan Türkmənistanın iqtisadi strategiyasının əsas vektorudur. “2018-2024-cü illərdə ölkənin sosial-iqtisadi inkişafı üzrə Türkmənistan Prezidentinin proqramı”nın icrası çərçivəsində iri sərmayələr regionların özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla, nəhəng sənaye komplekslərinin formalaşdırılmasına yönəldiləcək.
Diplomat, həmçinin qeyd edib ki, ölkənin bütün qaz magistrallarını vahid sistemdə birləşdirən “Şərq-Qərb” qaz kəməri boyunca müxtəlif infrastruktur obyektlərinin tikintisi davam edəcək. Bunun sayəsində “mavi yanacağın” revers tədarükünü icra etmək imkanı yaranıb. Səfir deyib: “Xəzər dənizinin Türkmənistana aid hissəsində və sahilboyu zonasında, Amudərya hövzəsində, Mərkəzi Qaraqumda, həmçinin “Yaşlar” və “Qarakel” yataqları ilə birgə bu günə ehtiyatları 27 trilyon kubmetr qiymətləndirilən supernəhəng qaz yatağı olan “Qalkınış”da perspektivli neft-qaz yataqlarının sənaye baxımından sürətli işlənməsi layihələrinin icrası davam etdiriləcək.
Mekan İşanquliyev vurğulayıb ki, daha bir strateji təşəbbüs Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməridir. Türkmənistan qazının Cənub-Şərqi Asiya ölkələrinə uzunmüddətli nəqlini həyata keçirəcək TAPI-nın tikintisi regionun iqtisadi inkişafına güclü təkan verəcək, sosial və humanitar xarakterli məsələlərin həllinə, regionda sülh və sabitliyin möhkəmlənməsinə şərait yaradacaq.
Diplomat deyib: “Uzunluğu 1840 kilometr olan TAPI enerji magistralının tam istismara verilməsindən sonra 33 milyard kubmetr Türkmənistan təbii qazının dünya bazarlarına nəqlinə imkan yaranacaq”.
Sonda M.İşanquliyev jurnalistlərin suallarını cavablandırıb.