SƏFİR HÜSEYN AVNİ QARSLIOĞLU: AQRAR SAHƏDƏ ƏMƏKDAŞLIĞIMIZ ÜÇÜN GENİŞ PERSPEKTİVLƏR VARDIR
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İsmət Abasov mayın 15-də Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Qarslıoğlu ilə görüşmüşdür.
İsmət Abasov Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasət sayəsində ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulamış, aqrar sahədə əməkdaşlığın vəziyyətindən söz açmışdır. Xatırlatmışdır ki, hələ 1994-cü ildə iki ölkə arasında kənd təsərrüfatına dair “Elmi, texniki və iqtisadi əməkdaşlıq haqqında” protokol imzalanmış, 1995-ci ildə Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsi yaradılmışdır. İndiyədək bu qurumun dörd iclası keçirilmiş, hər dəfə müvafiq protokollar imzalanmışdır. Həmin sənədlərdə nəzərdə tutulanların reallaşdırılması diqqət mərkəzində saxlanılır. İki ölkə arasında bitki mühafizəsi və karantin sahəsində Saziş hazırlanmış, baytarlıq üzrə saziş imzalanmışdır.
İsmət Abasov yoluxucu heyvan xəstəlikləri əleyhinə Türkiyədən alınmış preparatlar, qardaş ölkədən gətirilmiş texnikanın satış-yarmarkası, Türkiyə Cümhuriyyəti Tarım Bakanlığının hədiyyə etdiyi 30 baş “İvesi” cinsli qoyun, Regional Aqrar elm Mərkəzinin kompyuterləşməsində TİKA-nın təmənnasız xidməti, bölgələrdə bu qurumun keçirdiyi təlimlər və s. haqqında minnətdarlıqla danışmışdır.
Hüseyn Avni Qarslıoğlu aqrar sahədə əməkdaşlığımız üçün geniş perspektivlər olduğunu diqqətə çarpdırmış, kənd təsərrüfatı məhsullarının Avropa standartlarına uyğun istehsalı, emalı, marketinqinin təşkili və ixracı sahəsində əməkdaşlığın zəruriliyini, bu işdə Türkiyə təcrübəsindən yararlanmağın mümkünlüyünü vurğulamışdır. O, türk mütəxəssislərinin iştirakı ilə topdansatış bazalarının yaradılması imkanını, Azərbaycan tərəvəzinin, o cümlədən faraş məhsulların ölkəsinə ixracının mümkünlüyünü də istisna etməmişdir. Səfir regionlarda suvarma sistemlərinin təkmilləşdirilməsi, eroziyaya uğramış torpaqların bərpası sahəsində əməkdaşlıq, arıçılıq, pambıqçılıq, damcı üsulu ilə suvarma üzrə mütəxəssislər mübadiləsi təklif etmişdir.