Şəhərsalma ilə bağlı ictimai dinləmənin nəticələri aidiyyəti dövlət qurumlarına təqdim olunacaq
Bakı, 8 may, AZƏRTAC
Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) "Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər" mövzusunda ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunub. Dinləmədə memarlar, şəhərsalma subyektlərinin nümayəndələri, dövlət qurumlarının mütəxəssisləri, ekoloqlar, QHT və media nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhərsalma subyektlərinin ekoloji öhdəlikləri, memarların layihələndirmə mərhələsində riayət etməli olduqları normativlər və yaşıl tikinti standartlarına uyğunluğun təmin edilməsi məsələləri geniş müzakirə olunub. İştirakçılar ərazi planlaşdırılmasında yaşıl sahələrin artırılması, yaşıllıqların qorunması, müasir tullantı idarəçiliyi sistemlərinin tətbiqi və su qənaəti tədbirləri barədə fikir mübadiləsi aparıblar.
Bundan əlavə, tikinti layihələrində enerji səmərəliliyi standartlarının tətbiqi, bərpaolunan enerji mənbələrindən istifadə, dam yaşıllıqları və vertikal bağların layihəyə inteqrasiyası, habelə ekoloji sertifikatlı tikinti materiallarının tətbiqi məsələləri müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı Azərbaycan şəhərlərini, xüsusən Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrini daha sağlam, dayanıqlı və ekoloji cəhətdən tarazlı şəhər mühitinə çevirmək üçün beynəlxalq yaşıl bina standartlarının ölkə şəraitinə uyğunlaşdırılmasının zəruriliyi xüsusi vurğulanıb. İştirakçılar şəhərsalma qanunvericiliyinin müasirləşdirilməsi, peşəkar maariflənmə və normativ-hüquqi bazanın beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi istiqamətlərini prioritet kimi qiymətləndiriblər.
Dinləmənin nəticələri ümumiləşdirilərək müvafiq tövsiyə və təkliflər aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.
Qeyd edək ki, agentlik tərəfindən "Şəhərsalma və Memarlıq İli" boyunca bu istiqamətdə ictimai müzakirə və maarifləndirmə fəaliyyətləri davam etdiriləcək.