Şəhidin həyat yoldaşı: ailəmiz başsız qalsa da, dövlətimiz bizə sahib çıxdı
Bakı, 9 fevral, AZƏRTAC
Həyat yoldaşım Çingiz Orucov 1994-cü ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Onunla nikahdan üç övladım var. Çingiz şəhid olanda kiçik övladımızın 2 yaşı var idi. Ailəmiz başsız qalsa da, dövlətimiz bizə sahib çıxdı. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə şəhid ailələrinə, sosial qayğıya ehtiyacı olanlara xüsusi diqqətlə yanaşır, daim onlarla maraqlanır və problemlərinin həlli istiqamətində mühüm tədbirlər görürdü. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev də həmin sosial siyasəti uğurla davam etdirir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində şəhidin həyat yoldaşı Nazilə Orucova deyib.
Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsini ölkə başçısının növbəti humanist addımı kimi dəyərləndirən N.Orucova, həmçinin bildirib: “Yanvarın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüş keçirdi. Mən də həmin görüşdə iştirak edirdim, çox böyük hisslər keçirdim. Bu görüşü heç vaxt unuda bilməyəcəm. Göstərilən diqqətə görə Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm”.
Şəhid hərbi qulluqçunun vərəsəsi övladlarını vətənpərvər ruhda böyütdüyünü və Vətəni qorumağın hər bir azərbaycanlının borcu olduğunu da diqqətə çatdırıb.