Şəhidlərin xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir
Yevlax, 18 yanvar (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının gənclər birliyi və qadınlar şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərindəki Şəhidlər xiyabanına gələrək abidə kompleksinin və şəhidlərin məzarları üzərinə tər çiçəklər düzmüş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinə ehtiramlarını bildirmişlər.
YAP Yevlax rayon təşkilatı aparatının rəhbəri Əli Quliyev, təşkilatın gənclər birliyinin sədri Ariz Mikayılov və başqaları Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən danışmış, qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etmişlər.
Bildirilmişdir ki, həmin gün xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirmişdir. Gənclərimiz üçün qəhrəmanlıq örnəyi olan 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
Tədbirdə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı şəhər məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə YAP Yevlax rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr verilmişdir.