Şəhidlik ölməzlik, qəhrəmanlıq zirvəsidir
Zərdab 18 yanvar (AZƏRTAC). Zərdabda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində yanvarın 18-də rayon mərkəzi kitabxanasında “Şəhidlik ölməzlik, qəhrəmanlıq zirvəsidir” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məruzə və çıxışlarda yaxın tarixi keçmişimiz yada salınmış, yanvarın 20-nin Azərbaycan tarixinin qanla yazılmış bir səhifəsi, eyni zamanda, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyimizin oyanış günü olduğu vurğulanmışdır. Həmin gün uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu göstərən növbəti imtahan idi. 20 Yanvar faciəsinin iştirakçılarının ifşa olunması və bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri barədə ətraflı danışılmışdır.
Tədbirdə şəhid ailəsi, Zərdab şəhərindəki 2 nömrəli tam orta məktəbin müəllimi Nahidə Bəkirova, şəhid bacısı Ofeliya Osmanova xalqımızın hər il 20 Yanvar hadisələrinin ildönümünü qeyd etdiyini, şəhidlərin xatirəsinin böyük ehtiramla andığını vurğulamışlar. Qeyd etmişlər ki, çox keçməyəcək Qarabağda da eyni mətinliklə qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Azərbaycan dövlətinin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.
Tədbirin sonunda 3 nömrəli şəhər tam orta məktəbinin şagirdlərinin ifasında əbədi-bədii kompozisiya nümayiş etdirilmişdir.