CƏMİYYƏT
Səhiyyə Nazirliyi birinci Avropa Oyunlarına dair fəaliyyətini açıqlayıb
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları zamanı ölkəmizə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara vaxtında və yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi üçün Səhiyyə Nazirliyində qərargah fəaliyyət göstərir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qərargahda 24 saat ərzində xarici dilləri bilən mütəxəssislər “Qaynar xətt” xidmətinə daxil olan müraciətləri qəbul edəcəklər.
İdmançılara ambulator şəraitində tibbi xidmətlərin göstərilməsi məqsədilə Atletlər kəndində müasir tibbi avadanlıqlarla təchiz olunmuş poliklinika yaradılıb. Poliklinikada xarici ölkələrin həkimləri ilə yanaşı, yerli mütəxəssislər də tibbi yardım göstərəcəklər.
Eyni zamanda, idmançılara və gələn qonaqlara ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsı məqsədilə Bakı şəhərində iki xəstəxana - Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Eləcə də 300 nəfər xüsusi təlim keçmiş tibb işçisi yarış obyektlərinin tibb məntəqələrində çalışacaq.
Bundan əlavə, müasir avadanlıqlarla təchiz edilmiş 100 ədəd təcili tibbi yardım maşını yarış obyektlərində, qonaqların yerləşdiyi otellərin ərazilərində və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcək.
Təcili və təxirəsalınmaz tibbi yardım heyəti (150 nəfər həkim və 150 nəfər feldşer) ilkin tibbi yardımın beynəlxalq standartları üzrə xüsusi təlimlərə cəlb edilib. Onlar artıq ingilis dili kurslarını başa vurublar.
Bakıya gələcək qonaqlar üçün “Sağlam “Bakı-2015” üçün hazır ol” adlı lifletlər hazırlanıb. Oyunlar zamanı ölkəmizin su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq laboratoriyaları zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlarla təmin olunub. Həmçinin dövlət sanitariya xidməti tərəfindən ictimai iaşə və məişət obyektləri tam nəzarətə götürülüb.