Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir
Şəki, 21 mart, AZƏRTAC
Martın 20-dən Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə məktəblilər və kiçikyaşlı uşaqlar üçün Əməkdar incəsənət xadimi, görkəmli şair və dramaturq Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşanın nümayişinə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.
Tamaşada Dovşan və dostlarının birliyi sayəsində onlara qarşı çıxan mənfi qüvvələrin məğlub olmasından bəhs edilir. Dostluq və birlik tamaşanın əsas ideyasıdır.
Səhnə əsərinin quruluşçu rejissoru və xoreoqrafı Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Qurban Rəsulov, Pərviz İsmayılov, Gülxar İmamhüseynova, Aytac İsmayılzadə, Pərviz Soltanlı, Günay Novruzəliyeva və digərləri ifa edirlər.
Tamaşa gün ərzində üç seans olmaqla, martın 29-dək davam edəcək.
Müxbir – Mustafa Dadaşov