Şəki və Şirvan şəhərlərinin mədəniyyət müəssisələri arasında əlaqələr genişlənir
Şəki, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəki və Şirvan şəhər Mədəniyyət mərkəzləri arasında dostluq əlaqələri qurulub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib
Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Şəki şəhərindəki S.Vurğun adına Folklor klubunda keçirilən dostluq görüşü görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum gününə həsr olunub.
Tədbirdə Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov və Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru Nəmidə Quluzadə çıxış edərək, ecazkar səsi ilə dünyanı fəth edən görkəmli müğənninin yaradıcılığından söz açıblar.
Musiqili proqramla davam edən tədbirdə Şirvan şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları Azər Həsənovun, Ümid Quliyevin, Mərkəzin nəzdində fəaliyyət göstərən “Gur” rəqs qrupunun, Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru, müğənni İdris İdrisovun və Mərkəzin “Səbuhi” instrumental ansamblının solisti Hakim Əkbərovun ifaları alqışlarla qarşılanıb.
Sonra Şirvan şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları Şəkinin görməli yerləri ilə tanış olublar.