Şəki və Zaqatala sakinləri Amerika ağ kəpənəyi ilə bağlı maarifləndiriliblər
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirləri barədə əhalinin məlumatlandırılması məqsədilə növbəti maarifləndirici tədbirlər keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər Şəki rayonunun Aşağı Göynük, İnçə, Biləcik, Baltalı, Zaqatalanın Aşağı Tala, Göyəm, Maqov və Fındıqlı kəndlərində təşkil edilib.
Görüşlərdə sakinlərə zərərvericinin xüsusiyyətləri, yayılma yolları, bitkilərə vurduğu zərər və ona qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib. Tədbirlər çərçivəsində sakinlərə maarifləndirici bukletlər paylanılıb, onların sualları cavablandırılıb.
AQTA tərəfindən Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması, bitki sağlamlığının qorunması və əhalinin bu istiqamətdə məlumatlılığının artırılması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.