Şəki-Zaqatala bölgəsi üzrə təhsil müəssisələrindəki vakant vəzifələrə 700 namizəd imtahan verib
Şəki, 29 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində hazırda vakant olan vəzifələrə (laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, uşaq birliyi təşkilatı rəhbəri, psixoloq və mühasib) işə qəbul müsabiqəsinin test imtahanı keçirilib.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 4 seansda təşkil olunan test imtahanında 700 nəfər iştirak edib. İmtahanda namizədlərə 50 test tapşırığının cavablandırılması üçün 80 dəqiqə vaxt verilib.
İmtahanda iştirak edən görmə məhdudiyyətli namizədə sualların cavablandırılması üçün idarənin əməkdaşları tərəfindən kömək göstərilib.
Qeyd edək ki, ayrı-ayrı vəzifələr üzrə ən yüksək bal toplamış namizədlər işə qəbul olunacaqlar.