Şəki-Zaqatala bölgəsində 25 məktəb və 2 bağça təmir olunub – işlər davam etdirilir
Şəki, 9 sentyabr, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təmin edilməsi, yeni binalarının tikilməsi və mövcud binaların təmir olunması əsas prioritetlərdəndir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi Mahal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 2026–2027-ci tədris ilinə hazırlıq çərçivəsində şimal-qərb bölgəsinin 25 ümumtəhsil müəssisəsində və 2 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri artıq yekunlaşıb. Hazırda 69 təhsil müəssisəsində cari, 8 təhsil müəssisəsində isə əsaslı təmir işləri davam etdirilir. Qeyd olunan təhsil müəssisələri ilə yanaşı, Şəkinin Bideyiz kənd tam orta ümumtəhsil məktəbində də aparılan təmir işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 353 ümumi təhsil, 204 məktəbəqədər və 12 məktəbdənkənar təhsil müəssisəsi olmaqla, ümumilikdə, 569 təhsil müəssisəsi fəaliyyət göstərir.
Müxbir - Rasim İslamoğlu