SİYASƏT
Səməd Seyidov: Yalnız şəffaf ticarət demokratiyanı, insan hüquqlarını təşviq edə bilər
Strasburq, 28 aprel, AZƏRTAC
“Beynəlxalq ticarətdə demokratiyanın, insan hüquqlarının və ətraf mühitin qorunması” adlı Məruzə vaxtında hazırlanıb. Bu gün ətraf mühiti, dəyərlərimizi necə qoruyub saxlamaq kimi vacib mövzu haqqında düşünmək vaxtıdır. Beynəlxalq ticarət mexanizmindən demokratiyanı, insan hüquqlarını və qanunun aliliyini təşviq etmək üçün istifadə edilməlidir. Ancaq əgər demokratiya, insan hüquqları və qanunun aliliyi haqqında düşünürüksə, ticarət özü şəffaf olmalıdır. Ticarət özü demokratik olmalıdır və bölüşdüyümüz dəyərləri təşviq etməlidir.
COVID pandemiyası dövründə peyvəndlərin nə dərəcədə ədalətsiz şəkildə paylandığının şahidi olduq. Koronavirus peyvəndi, vaksinlərin bölgüsü ilə bağlı ədalətsiziliyi gördük. Buna görə də bu haqda düşünməliyik.
Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyasında britaniyalı parlamentarinin “Beynəlxalq ticarətdə demokratiyanın, insan hüquqlarının və ətraf mühitin qorunması” adlı məruzəsinin müzakirələri zamanı siyasi qrup adından etdiyi çıxışda səsləndirib. Bildirilib ki, bu gün ətraf mühit, demokratik dəyərlər vacib məsələlərdir.
“Ancaq bunu necə həll edə bilərik? Məncə, bunun bir yolu var. Ticarətdən demokratiyanın təşviqi aləti kimi istifadə etməliyiksə, ilk növbədə, ticarətdə şəffaflığı təmin etməliyik. Şəffaflıq təmin olunmadan əsl demokratiya, əsl dəyərlər və onların təşviqindən danışa bilmərik. Avropada ticarət şəffaf deyil. Avropa İttifaqındakı ədalətsiz ticarətdən başlayaq. Gəlin özümüzdən, Avropadan başlayaq. Yalnız belə halda məruzədə əks etdirilən ideyalara çata bilərik. Ticarətdən demokratiyanı, insan hüquqlarını və qanunun aliliyini təşviq etmək vasitəsi kimi istifadə edək. Gəlin ticarəti şəffaf proseslərə çevirərək, demokratiyanı, insan hüquqlarını təşviq etməyə istiqamətləndirək”, - deyə S.Seyidov diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq