SEMENTİN SATIŞINDA ŞƏFFAFLIQ TƏMİN EDİLƏCƏKDİR
İqtisadi inkişaf naziri Heydər Babayevin, “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Ülhe Kövlerin, müəssisənin səhmlərinin əsas hissəsinin sahibi olan İsveçrənin “Holsim” şirkətinin MDB dövlətləri üzrə əlaqələndiricisi Qared Babsın və başqalarının qatıldığı tədbirdə, ölkədə əsas sement istehsalçısı olan ASC tərəfindən məhsulun qiymətində cari ilin fevralından bəri heç bir dəyişiklikliyə yol verilmədiyinə baxmayaraq, sementin pərakəndə qiymətindəki artımın böyük narahatlıq doğurduğu qeyd edilmişdir.
Bildirilmişdir ki, növbəti ilin əvvəlindən qiymətlərin süni surətdə qaldırılmasının, bazara saxta, inşaat işlərində tələbata uyğun gəlməyən, aşağı keyfiyyətli sementin daxil olmasının qarşısının alınması üçün tədbirlər görülməsi nəzərdə tutulur. Yeni distribüter və diler şəbəkələrinin yaradılması, məhsulun satışının üstündə firma qeydləri və qiymət göstəricisi yazılmış kisələrdə həyata keçirilməsi və s. tədbirlər sement satışında şəffaflığın təmin olunmasına xidmət edəcəkdir.
Mətbuat konfransında “Holsim” şirkətinin Azərbaycanda öz mövqeyini gücləndirməkdə maraqlı olmasından, bu ölkədə bazarın mühüm və perspektivliliyindən, müəssisə tərəfindən ildə 1 milyon 300 min sement istehsal olunmasından, gələcəkdə məhsuldarlığı xeyli artırmaq məqsədi ilə nəzərdə tutulan yeni layihələr üzərində aparılan işlərdən, bu sahədə mövcud olan problemlərdən və s. danışılmışdır.
Axırda kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab verilmişdir.