Şəmkir rayonunda çay məcraları və suvarma kanalları lildən təmizlənir
Şəmkir, 20 may, AZƏRTAC
Son dövrlər müşahidə olunan qeyri-sabit hava şəraiti və yağıntıların intensiv xarakter alması fonunda Şəmkirçay və Zəyəm çaylarında daşqın və selə qarşı mübarizə tədbirləri həyata keçirilib. Su axınının tənzimlənməsi məqsədilə çay məcralarının 6,2 kilometr məsafədə 25,3 min kubmetr həcmində mexaniki üsulla təmizlənməsi işləri aparılıb.
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonda 78,8 kilometr uzunluğunda kanalların lildən və kol-kosdan təmizlənməsi işləri aparılıb, nəticədə 132 min kubmetr lil kütləsi çıxarılıb.
İdarə tərəfindən əhalinin içməli, əkin sahələrinin isə suvarma suyu ilə təminatı da diqqətdə saxlanılır. Bu məqsədlə içməli su anbarlarında davamlı xlorlama və təmizləmə işləri görülür. Şəmkir şəhəri və Kür qəsəbəsi ərazisində 2431 paqonometr uzunluğunda yeni su xətti çəkilib, 11 çoxmənzilli yaşayış binasının su təchizatı yaxşılaşdırılıb. Həmçinin 525 yeni abonent qeydiyyata alınaraq sayğac və mühafizə qutuları ilə təmin edilib.
Struktur bölmə tərəfindən 2 nasos stansiyasında, 4 mülki və istehsalat binasında cari təmir işləri aparılıb, 300 hektar sahəyə xidmət edən 1 nasos stansiyasının isə əsaslı təmiri nəzərdə tutulub. Bundan başqa, istismara yararsız 11 subartezian nasosu yenisi ilə əvəzlənib, 45 subartezian quyusu isə təmir edilərək saz vəziyyətə gətirilib. Cari mövsümdə 100 hektar sahəyə xidmət edən daha 5 subartezian quyusunun da əsaslı təmiri planlaşdırılır. Görülən kompleks tədbirlər çərçivəsində cari ildə 51 min 193 hektar taxıl, yonca, bağ və bostan-tərəvəz sahələrinin suvarılması uğurla təmin edilib.
Müxbir – Vüsalə Cənnətova