Şəmkirdə İsti Briketlənmiş Dəmir zavodu layihəsi üzrə ictimai dinləmə keçirilib
Şəmkir, 22 may, AZƏRTAC
“Azerbaijan Metal Company” MMC (“AzMC”) tərəfindən Şəmkir rayonunda icrası planlaşdırılan İsti Briketlənmiş Dəmir (İBD) zavodu layihəsi üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) prosesi çərçivəsində ictimai dinləmə və maarifləndirici görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, ictimai dinləmədə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, yerli ictimaiyyət və QHT nümayəndələri, sahə üzrə mütəxəssislər, media qurumları və digər maraqlı tərəflər iştirak ediblər.
Tədbirin əsas məqsədi maraqlı tərəflərin və ictimaiyyət nümayəndələrinin layihənin tikinti və gələcək istismar mərhələləri, eləcə də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi prosesi çərçivəsində həyata keçirilmiş ekoloji və sosial tədqiqatlar barədə məlumatlandırılması, layihənin ekoloji və sosial istiqamətlər üzrə obyektiv qiymətləndirilməsinin təmin edilməsi, həmçinin ictimai iştirakçılığın və şəffaflığın təşviqi olub.
2029-cu ildə istismara verilməsi planlaşdırılan İsti Briketlənmiş Dəmir zavodu layihəsinin ölkənin metallurgiya sənayesinin potensialının genişlənməsinə, məşğulluğun artırılmasına və regional iqtisadi fəallığın gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Müxbir – Vüsalə Cənnətova