Şəmkirdə kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib VİDEO



Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəmkir rayonunda kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə 20 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 17 kilometr olan Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf marşrutu üzrə yolları əhatə edir.
İlkin olaraq layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində yenidənqurma işlərinə başlanılıb. Qeyd olunan hissənin uzunluğu 7 kilometr təşkil edir. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Məlumata əsasən, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların eni 8-10 metrə qədər genişləndirilir. Aparılan işlər çərçivəsində layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası icra olunur. Artıq müəyyən hissələrdə yeni yol yatağının və yol əsasının inşasına da başlanılıb.
Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.