Şəmkirli iş adamlarının dəstəyi ilə Zəyəm Cırdaxan kəndinin içməli su problemi həll olunur
Şəmkir, 19 fevral, Rauf Hacıyev, AZƏRTAC
Rusiya Federasiyasında yaşayan, əslən azərbaycanlı iş adamlarının maliyyə dəstəyi ilə Şəmkir rayonunun ən böyük yaşayış məntəqəsi olan və 10 min sakinin yaşadığı Zəyəm Cırdaxan kəndinə yeni su xəttinin çəkilişinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmkirin bu vaxta qədər içməli su ilə tam təmin edilməyən yaşayış məntəqələrindən olan Zəyəm Cırdaxan kəndi rayon mərkəzindən 25 kilometr uzaqlıqda yerləşir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və layihənin təşkilatçısı, Rusiya Federasiyasının Tümen şəhərində Azərbaycan diaspor təşkilatının sədri Füzuli Burcuyev görüləcək işlərlə tanış olmaq üçün ərazidə olublar. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin nəinki böyük şəhər və rayon mərkəzlərində, eləcə də ucqar kəndlərində infrastruktur müasirləşdirilir, sakinlərin sosial qayğıları öz həllini tapır.
Bununla yanaşı, respublikada aparılan iqtisadi islahatlar dərinləşdikcə, sahibkarlığa dövlət dəstəyi tədbirləri genişləndikcə, yerli sahibkarlar yalnız ölkənin mənfəət məqsədli istehsal və xidmət sahələrinin inkişafında deyil, həm də sosial sahələrin inkişafında yaxından iştirak edirlər.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Zəyəm Cırdaxan kəndinə yeni su xəttinin çəkilişini, eləcə də bu vaxta qədər Şəmkir rayonunda yerli sahibkarlar tərəfindən icra edilən sosial layihələri iş adamlarının dövlətin sosialyönümlü siyasətinə dəstək, həmçinin hər bir imkanlı şəxsin vətənə və mənsub olduğu xalqa xidməti, vətəndaşlıq nümunəsi kimi dəyərləndirib.
İş icraçıları məlumat veriblər ki, Zəyəm Cırdaxan kəndinə 730 millimetrlik polad borularla çəkilən su xəttinin ümumi uzunluğu 7 kilometrdir. Su xətti mənbəyini Zəyəm çayından götürür və yeni su xəttinin istismara verilməsi ilə kəndin su təchizatında olan problemlər tamamilə aradan qaldırılacaq.