Sənaye 4.0-da kibertəhlükəsizlik məsələləri müzakirə olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda keçirilən beynəlxalq konfransın bugünkü plenar iclasında müxtəlif ölkələrdən olan alim və mütəxəssislər “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Sənaye 4.0-da kibertəhlükəsizlik”, “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyi” və “Kritik infrastrukturların kibertəhlükəsizliyi” adlı bölmələrdə çıxış ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, plenar iclasda kibertəhlükəsizlik üzrə təhsil və tədqiqat - proqramlar və laboratoriyalar, kibertəhlükəsizlik simulyasiya oyunu, Avropa ölkələrinin veb-məkanlarında olan problemlər, Sənaye 4.0 kontekstində təhlükəsizlik idarəetmə sistemlərinin nəzəri və praktiki məsələləri, kritik informasiya infrastrukturlarının təminatında yeni kiberreallıqlar, pilotsuz uçuş aparatlarının aşkarlanması üsullarının müqayisəli təhlili və digər mövzularda məruzələr təqdim olunub.
Konfrans NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.