SƏNAYE VƏ ENERGETİKA NAZİRİ ALMANİYADA BİR SIRA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, iyunun 24-də Berlin şəhərində keçirilmiş “Almaniya və Avropa İttifaqının enerji təminatında Azərbaycanın rolu” mövzusunda alman-Azərbaycan enerji simpoziumunda ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri, sənaye və energetika naziri Natiq Əliyev səfər müddətində bir sıra ikitərəfli görüşlər keçirmişdir.
Almaniyanın federal iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qlos ilə keçirilmiş görüş zamanı alman nazir Azərbaycanın neft və qaz ölkəsi kimi vacib rolunu vurğulamış, dünyada enerji təhlükəsizliyinin mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə Azərbaycanın Avropa üçün yeni enerji alternativi olmasının mümkünlüyünü nəzərə çatdırmışdır. M.Qlos Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, bu əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulamışdır.
N.Əliyev son illər ərzində enerji sahəsində ikitərəfli əlaqələrin inkişafı, həyata keçirilən tədbirlər və imzalanan sənədlər barədə M.Qlosa məlumat vermişdir.
Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer ilə görüş zamanı O.Hauzer rəhbərlik etdiyi Forumun fəaliyyəti barədə ətraflı məlumat vermiş, ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərdən son dərəcə məmnuniyyət hissi keçirdiyini qeyd etmişdir. Azərbaycan xalqının olduqca qonaqpərvər və tolerant olduğunu bildirən O.Hauzer Azərbaycana səfərindən çox təsirləndiyini diqqətə çatdırmışdır.
N.Əliyev həyata keçirdiyi tədbirlər üçün O.Hauzerə təşəkkür etmiş, əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirmişdir.
Nazir səfər çərçivəsində “RWE Gas Midstream“ şirkətinin nümayəndələri, “RWE Dea” şirkətinin baş meneceri Uve Stefan Lagies, “Wintershall” şirkətinin təchizat və istehsal üzrə direktoru David Branson ilə də görüşlər keçirmişdir. Həmin görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlər, Azərbaycanda həyata keçirilən cari layihələr, planlaşdırılan məsələlər və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iştirak etmişdir.