SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİNDƏ PAKİSTAN SENATININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 8-də Pakistan İslam Respublikası Senatının xarici əlaqələr daimi komitəsinin sədri senator Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ilə görüşmüşdür.
Pakistan ilə Azərbaycan arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edən nazir N.Əliyev yanacaq-energetika kompleksi sahəsində də münasibətlərin qurulması üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır. Nazir bildirmişdir ki, Azərbaycan gələn il 65 milyon ton neft, 27 milyard kubmetr qaz hasil etməyi planlaşdırır və bu artım ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayacaqdır.
Azərbaycanın Avropa ölkələri ilə neft-qaz sahəsində fəal əməkdaşlıq etdiyini bildirən nazir ölkəmizin nəql kəmərlərinin diversifikasiyası istiqamətində də fəal siyasət apardığını vurğulamışdır. Sonra nazir diqqəti Azərbaycan neftçilərinin vaxtı ilə Yaxın Şərq, Afrika ölkələri, o cümlədən Veytnamda neft-qaz yataqlarının kəşfiyyatında fəal iştirak etmələrinə yönəldərək bu sahədə Pakistanla təcrübə mübadiləsinin vacibliyini qeyd etmişdir. N.Əliyev qeyd etmişdir ki, Azərbaycan zəngin korbohidrogen ehtiyatlarına malikdir və regionun enerji təhlükəsizliyində fəal iştirak edir.
Senator Müşahid Hüseyn Səid Azərbaycanla bütün sahələrdə əlaqələrin ölkəsi üçün maraqlı olduğunu bildirərək, neft-qaz sektorunda da əməkdaşlıq təklifini ölkəsinin müvafiq hakimiyyət qurumlarının nəzərinə çatdıracağını bildirmişdir.