İQTİSADİYYAT
Sənayedə qeyri-dövlət sektorunun payı 88,7 faiz olub
Bakı, 25 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,3 faiz artaraq 34,9 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, sənayenin qeyri neft-qaz sektorunda isə 14,3 faiz artıb. Sənaye məhsulunun 75,7 faizi mədənçıxarma, 20,3 faizi emal, 3,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə özəl sektorun payı 88,7 faiz təşkil edib. Ümumi istehsalın 94,1 faizi sənaye məhsullarının istehsalı, 5,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyunun 1-nə 799,3 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 43,7 faizi Bakı, 24 faizi Sumqayıt, 5,3 faizi Şirvan, 4,7 faizi Gəncə şəhərlərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 81,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.