SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞLIQ
Terminalın rəhbərləri hörmətli qonağı və İordaniya nümayəndə heyətinin üzvlərini səmimiyyətlə qarşılamışlar.
Qonaqlara Azərbaycanda həyata keçirilən bütün iri neft layihələrinin qovuşduğu bu mərkəz barədə ətraflı məlumat verilmişdir. Xəzər Enerji Mərkəzindən başlayan tanışlıq zamanı Baş nazir dünya səviyyəli bu sərgi mərkəzində karbohidrogenlərin yaranması, onların kəşfiyyatı, hasilatı, nəqli, emalı və s. məsələləri əhatə edən zəngin eksponatlara, kosmosdan çəkilmiş nadir görüntülərə, eləcə də ölkəmizin neft-qaz sənayesi haqqında dolğun məlumatları əks etdirən kadrlara maraqla tamaşa etdi. Qonaqlara bildirilmişdir ki, indiyədək Mərkəzlə dünyanın bir çox ölkələrindən gəlmiş 6 mindən çox adam tanış olmuşdur. Mərkəz həm də azərbaycanlı məktəblilərin ölkəmizin təbii sərvətləri, onlardan gündəlik həyatda necə istifadə olunması ilə bağlı maarifləndirilməsində də mühüm rol oynayır.
Avtobusla terminalın ərazisini gəzən cənab Məruf əl-Bəxitə məlumat verilmişdir ki, terminalın tikintisinə 2001-ci ilin noyabrından başlanmış, indiyədək burada 3 mindən çox işçi çalışmış, 26 milyon adam-saatdan çox iş görülmüşdür. Bu, dünya rekordu sayıla biləcək bir rəqəmdir. Terminalda hər birinin tutumu 880 min barrel olan 3 xam neft çəninin, baş nasos stansiyasının, separatorların, idarəetmə məntəqəsinin tikintisi, dəniz yataqlarından terminala qədər sualtı neft və qaz kəmərlərinin, fiber-optik rabitə kabellərinin çəkilişi, birləşdirmə və sınaq işləri tam başa çatdırılmışdır.
İordaniya Baş naziri terminalda gedən texnoloji proseslərlə, nəzarət-idarəetmə məntəqəsinin iş sistemi ilə də tanış olmuşdur. Bildirilmişdir ki, bu məntəqədən Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ölkə ərazisindəki hissələrində bütün prosesləri izləmək, hər hansı qəza, nasazlıq barədə dərhal xəbər tutmaq və müvafiq tədbir görmək mümkündür.
Terminalla tanışlıqdan xatirə olaraq, İordaniyanın Baş nazirinə hədiyyə təqdim edilmişdir.
Dünyanın ən nəhəng terminallarından biri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır.
İordaniyanın Baş naziri Məruf əl-Bəxiti Səngəçal terminalına səfərdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev müşayiət etmişdir.