Sentyabr konfransında Goranboy və Naftalan təhsilinin nəticələri dəyərləndirilib
Goranboy, 1 sentyabr, AZƏRTAC
Goranboy rayonunda Goranboy rayonu və Naftalan şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Goranboy şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra iştirakçılar şagirdlərin əl işləri və yaradıcılıq nümunələrinə, eləcə də təhsil sahəsində əldə olunan nailiyyətləri əks etdirən sərgiyə baxıblar.
Konfransda çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev təhsil sahəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun formalaşdırılması, müəllimlərin fəaliyyətinin dəstəklənməsi və gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. O, ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından, təhsilin keyfiyyətinin yüksəldilməsi və təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Daha sonra Goranboy-Naftalan təhsil sektorunun müdiri Vüsal Cəfərov hesabat xarakterli məruzə ilə çıxış edib. O, 2025–2026-cı tədris ilində sektor üzrə görülən işlər, əldə olunan nəticələr və təhsil müəssisələrinin fəaliyyəti barədə məlumat verib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışında region üzrə təhsil sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə danışıb. Bildirib ki, təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Sonda yeni tədris ilində təhsil sahəsində qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsi, təhsil müəssisələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və yüksək nəticələrin əldə olunması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.