SƏRBƏST GÜLƏŞ ÜZRƏ 45-Cİ AVROPA ÇEMPİONATININ İŞTİRAKÇILARINA
Əziz idmançılar!
Sizi - sərbəst güləş üzrə 45-ci Avropa çempionatının iştirakçılarını Bakı şəhərində səmimi qəlbdən salamlayır, hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Sərbəst güləş üzrə Avropa çempionatı kimi mötəbər idman yarışının ilk dəfə olaraq paytaxtımız Bakı şəhərində təşkil edilməsi müstəqil Azərbaycan Respublikasının həyatında mühüm hadisədir. Bu, 10 illiyini keçən il təntənə ilə qeyd etdiyimiz müstəqillik dövründə ölkəmizin həyatının digər sahələrində olduğu kimi bədən tərbiyəsi və idman sahəsində də əldə etdiyimiz nailiyyətlərə beynəlxalq idman ictimaiyyəti tərəfindən verilən yüksək qiymətin parlaq ifadəsidir. Sevindirici haldır ki, son illər ərzində Azərbaycanda beynəlxalq səviyyəli nüfuzlu idman yarışlarının keçirilməsi artıq gözəl bir ənənəyə çevrilməkdədir.
Azərbaycan dövləti əhalinin fiziki sağlamlığının qorunub möhkəmləndirilməsində bədən tərbiyəsi və idmanın böyük əhəmiyyət kəsb etdiyini dərk edərək bu sahənin daha da inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşır, onun təbliğ olunması və kütləviliyinin artırılması yolunda atılan hər bir addımı dəstəkləyir. İnanıram ki, Bakıda təşkil edilmiş bu çempionat da xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı zəngin güləş ənənələrinə malik olan Azərbaycanda bu idman növünün, ümumiyyətlə, idmanın inkişafı işinə öz töhfəsini verəcəkdir.
Sizə böyük idman sevinci və yeni qələbələr, çempionatınıza uğurlar diləyirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2002-ci il