“Sərhədçi kuboku” uğrunda yarışda 248 cüdoçu medallar uğrunda mübarizə aparıb
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 26-da Dövlət Sərhəd Xidməti (DSX), Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” İdman Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Sərhədçi kuboku” uğrunda cüdo üzrə 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında yarış keçirilib.
DSX-in mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının, eləcə də torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda dövlətimizin başçısı İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb, gənc idmançılarımızın belə yarışlarda təcrübə toplayaraq gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklərinə əminlik ifadə olunub.
Turnirdə 44 klub, cəmiyyət və idman təşkilatından olan 248 cüdoçu medallar uğrunda mübarizə aparıb, 10 çəki dərəcəsində qaliblər müəyyən edilib.
Sonda mükafatlandırma mərasimi keçirilib.