Şərqşünas alim beynəlxalq tədbirdə Şuşa haqqında məruzə edib
Bakı, 21 noyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev İraq Respublikasının paytaxtı Bağdad şəhərində keçirilən “Şuşa Azərbaycanın incisidir” mövzusunda tədbirdə iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, azərbaycanlı alim tədbirdə “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa” mövzusunda məruzə ilə çıxış edib. Elnur Mustafayev Şuşanın tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri ilə bağlı bir sıra vacib mövzulara toxunduqdan sonra bu şəhərin bütün varlığı və maddi-mədəni irsi ilə Azərbaycan xalqına aid olduğunu qeyd edib.
Şərqşünas alim mənfur düşmənlərimiz ermənilərin müxtəlif dövrlərdə - 1905, 1918, 1920, 1992-ci illərdə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətləri və erməni hərbi-siyasi hakimiyyətinin yürütdüyü işğalçılıq siyasəti ilə bağlı müfəssəl məlumatları iraqlı alim və ictimai-siyasi xadimlərin nəzərinə çatdırıb.
Elnur Mustafayev, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı və şücaəti sayəsində torpaqlarımızın erməni işğalından azad edildiyini, Azərbaycan dövləti tərəfindən təkbaşına olaraq beynəlxalq təşkilatların bu münaqişə ilə bağlı çıxardığı bəyanatların müddəalarının həyata keçirildiyini və bununla haqq-ədalətin bərpa olunduğunu vurğulayıb.