Səudiyyə Ərəbistanı seysmoloqları Azərbaycanda seysmologiyanın inkişaf etdiyini bildirmişlər
Bakı, 24 sentyabr (AZƏRTAC). Səudiyyə Ərəbistanının “Saudi ARAMCO” şirkətinin seysmologiya bölməsinin rəhbəri Cvetan Sinadinovski və bu şirkətin geofiziki Armando Sena Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli ilə görüşmüşlər.
RSXM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Q.Yetirmişli qonaqlara mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat vermişdir.
Azərbaycan seysmoloqlarının ABŞ, Yaponiya və dünyanın digər aparıcı ölkələri ilə yaxından əməkdaşlıq etdiyini bildirən RSXM-nin baş direktoru Səudiyyə Ərəbistanı seysmoloqları ilə də əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağına əminliyini ifadə etmişdir.
Qonaqlar isə Azərbaycanda seysmologiyanın inkişaf etdiyini söyləmiş, RSXM-nin monitorinq mərkəzində görülən işləri yüksək qiymətləndirmişlər.
Görüşdə, həmçinin birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, azərbaycanlı gənclərin Səudiyyə Ərəbistanında doktorantura təhsili almalarına dair məsələlər müzakirə edilmişdir.