Səyyar laboratoriya əkin sahəsində fermerlərə yerindəcə xidmət göstərir
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Elm Fondunun qrant layihəsi əsasında Mobil (Səyyar) aqrar tədqiqatlar laboratoriyası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutuna verilib. Hazırda Azərbaycan Elm Fondu ilə birlikdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mobil (Səyyar) aqrar tədqiqatlar laboratoriyası vasitəsilə respublikanın regionlarında kompleks torpaq tədqiqatlarına başlanılıb.
Bunu AZƏRTAC-a açıqlamasında institutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib. O qeyd edib ki, səyyar laboratoriya torpaqların məhsuldarlığını artırmaq, onun münbitliyini qorumaq, ekoloji təmiz məhsul əldə etmək üçün müasir elmi təcrübi biliklərə əsaslanmaqla, əkin sahəsində birbaşa tədqiqatlar və analizlər aparmaqla vaxt itirmədən fermerlərə yerindəcə xidmət göstərir. Laboratoriya vasitəsilə torpaqda qida maddələrinin və humusun miqdarı, torpağın aqrofiziki xassələri və qranulometrik tərkibi təyin olunur, torpaq mühitin reaksiyası müəyyən edilir, torpaqda şorlaşma və şorakətləşmə prosesləri qiymətləndirilir. Bundan əlavə, torpağa lazım ola biləcək gübrə norması müəyyən edilir, irriqasiya eroziyasına qarşı tədbirlər planı hazırlanır.
İnstitutun rəhbəri bildirib ki, səyyar laboratoriyanın əməkdaşları Xaçmaz və Zaqatala rayonlarında keçirilən kənd təsərrüfatına aid tədbirlərdə fəal iştirak ediblər. Hazırda bu istiqamətdə işlər davam etdirilir.