Şimal-qərb bölgəsində təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib
Şəki, 17 iyun, AZƏRTAC
İyunun 17-də şimal-qərb bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk günündə Regional Təhsil İdarəsi üzrə imtahanlarda 32 təhsilverən iştirak edib. Şəki şəhər 20 nömrəli tam orta ümumtəhsil məktəbdə təşkil edilən imtahanda Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, alman dili və fransız dili fənlərini tədris edən müəllimlər iştirak ediblər.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.
Sertifikatlaşdırma prosesi iyunun 17-19-u və 23-25-i tarixlərini əhatə edir. Növbəti günlərdə fizika, kimya, biologiya, tarix, riyaziyyat, coğrafiya, informatika, texnologiya, təsviri incəsənət, musiqi və digər fənləri tədris edən müəllimlərin sertifikasiyası keçiriləcək.
Müxbir – Mustafa Dadaşov