ŞİMALİ KOREYA YAPONİYANIN DANIŞIQLARDAN ÇIXARILMASINI TƏLƏB EDİR
Rəsmi Pxenyan bildirmişdir ki, Yaponiya nümayəndələrinin bu danışıqlarda iştirak etməsinə əsas yoxdur, çünki Yaponiya nümayəndə heyətinin mövqeyi ancaq Vaşinqtonun KXDR barəsində mövqeyini əks etdirir.
Xatırladaq ki, bundan əvvəl Pxenyanın altıtərəfli danışıqlara qayıtmağı qərara almasına baxmayaraq, Yaponiya KXDR-ə qarşı qoyulmuş qadağaları saxlamaq niyyətində olduğunu bəyan etmişdir.
Noyabrın 1-də KXDR öz nüvə proqramının müzakirəsi üçün altıtərəfli danışıqlara qayıtmağa razılıq vermişdir. Bu qərar KXDR, Çin və ABŞ nümayəndə heyətlərinin Pekində keçirilən qeyri-rəsmi görüşündə qəbul olunmuşdur. Şimali Koreyanın nüvə tərk-silahına dair danışıqlarda KXDR, ABŞ və Çinlə yanaşı, Yaponiya, Rusiya və Cənubi Koreya da iştirak edirlər.
KXDR-in nüvə proqramına dair altıtərəfli danışıqlar 2003-cü ildə başlanmış və 2005-ci ilin noyabrında dayandırılmışdır. Belə ki, ABŞ Şimali Koreya şirkətlərinə qarşı qadağalar qoyduqdan və KXDR hökumətinin xarici banklardakı hesablarını dondurduqdan sonra Pxenyan bu danışıqlarda iştirakını dayandırmışdı.