Şirvan və Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Şirvan, 5 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı tiryəkxana aşkarlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakinləri, əvvəllər narkotiklərə görə məhkum olunmuş 56 yaşlı Firuz Şadlinskinin və onun həyat yoldaşı, 55 yaşlı Qönçəgül Baxışəliyevanın yaşadıqları ünvanda tiryəkxana təşkil etməklə narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaratdıqları, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı oradan “patı” və “şüşə” adlanan metamfetamin, heroin, elektron tərəzi və narkotiklərin satışından əldə edilən pullar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Həmçinin əməliyyat tədbiri keçirilən zaman orada narkotik vasitə qəbul edən iki şəxs də saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakini Novruz Məmmədov və Hacıqabul rayon sakini Namiq Abdullayev olduqları müəyyənləşdirilib. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində ev sahiblərinin onlara şərait yaratdıqlarını bildiriblər.
F.Şadlinski və Q.Baxışəliyeva isə izahatlarında onlara məxsus fərdi yaşayış evində narkotiklərin satışı həyata keçirdiklərini etiraf ediblər.
Faktla bağlı Şirvan ŞPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
X X X
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən Sabirabad rayon sakini, 44 yaşlı Elnur Kərimov saxlanılaraq polis şöbəsinə gətirilib.
Burada onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 100 qram olan heroin, 30 qrama yaxın “patı” adlanan metamfetamin və 30 ədəd “metadon” həbləri aşkar edilərək götürülüb.
Narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinən Hacıqabul rayon sakini Nazim Quliyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə heroin aşkar olunub.
Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.