REGİONLAR
Şirvanda iyun-iyul aylarında 77 cinayət faktı “isti izlər”lə aşkarlanıb
Şirvan, 4 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən iyun-iyul ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 77 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslərdən 52 nəfəri narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 36 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 16 nəfəri haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən ümumilikdə 9 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Qeyd edilən dövr ərzində şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9, vətəndaşa qarşı dələduzluq edən, saxta pul dövriyyəsində şübhəli bilinən, hədə-qorxu ilə pul tələb etmə cinayətləri edən 3 nəfər və qanunsuz olaraq odlu silah saxlayan 4 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb olunub.
Bu müddət ərzində Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə ötən illərdən bağlı qalmış 3 oğurluq hadisəsinin üstü də açılıb.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.