ŞİRVANDA MİLLİ FƏALİYYƏT PLANI İLƏ ƏLAQƏDAR İCTİMAİ DİNLƏMƏ KEÇİRİLMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova Şirvan şəhərində İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə ictimai dinləmə keçirmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin bu bölgədən seçilmiş deputatı Azay Quliyev, şəhər icra hakimiyyətinin, bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanlarının, prokurorluğun, dairə, məntəqə seçki komissiyalarının, yerli QHT və KİV-lərin, habelə icmaların nümayəndələri iştirak etmişlər.
E.Süleymanova MFP-nin təsdiq edilməsindən ötən müddətdə bu sahədə xeyli iş görüldüyünü, müxtəlif qurumlarla müntəzəm müzakirələr aparıldığını, sənədin tətbiqi ilə bağlı ölkəmizin bütün rayonlarını əhatə etməklə doqquz regionda ictimai dinləmələrin keçirildiyini diqqətə çatdırmışdır.
Müvəkkil qarşıdakı prezident seçkilərinə geniş hazırlıq işi aparıldığını, dairə seçki komissiyalarında (DSK) seçki kampaniyasının demokratik prinsiplər əsasında keçirilməsi ilə bağlı fəaliyyətin təkmilləşdirildiyini söyləmişdir. E.Süleymana həmçinin, DSK-ların üzərinə düşən vəzifələr barədə danışmış, vətəndaşların seçki hüququnun təmin olunması ilə əlaqədar müvafiq tövsiyələr vermişdir.
Azay Quliyev MFP-nin gerçəkləşdirilməsi istiqamətində ombudsmanın səmərəli iş apardığını diqqətə çatdırmış, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prinsipləri haqqında ətraflı məlumat vermişdir.
Çıxışlarda MFP-də prokurorluq orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, son illərdə Şirvan şəhərinin kriminogen vəziyyəti, korrupsiyanın aradan qaldırılması sahəsində həyata keçirilən islahatlar, cəzaçəkmə müəssisələrindən azad olmuş insanların sosial adaptasiyası problemi, yeni seçki qanunvericiliyinin öyrənilməsi və təbliği sahəsində fəaliyyət barədə ətraflı söhbət açılmışdır.