Şirvanda narkoticarətçidən külli miqdarda narkotik vasitə götürülüb
Şirvan, 2 fevral, Mahir Babayev, AZƏRTAC
Şirvanda “Tosu” ləqəbli narkotacirdən külli miqdarda narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş, “Tosu” ləqəbi ilə tanınan Qaçayev Toğrul Rafət oğlu Şirvan Şəhər Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı satış üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə - metamfetamin aşkar edilib. Ümumilikdə adı çəkilən şəxsin üzərindən və kirayədə yaşadığı evdən 36,069 qram heroin, 4,811 qram tiryək və 5,172 qram metamfetamin aşkar edilərək götürülüb.
Həmçinin T.Qaçayevdən narkotik vasitələrin növbəti partiyasını əldə etmək üçün nəzərdə tutulan 4000 ABŞ dolları və 4900 manat aşkar edilərək müsadirə olunub.
Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb və Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.