SİYASƏT
ŞİRVANDA “SEÇKİ MƏCƏLLƏSİNİN MÜDDƏALARININ TƏŞVİQ EDİLMƏSİNƏ DƏSTƏK” MÖVZUSUNDA SESSİYA KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ATƏT-in Bakı ofisi iyulun 14-də Şirvan şəhərində Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyası ilə birlikdə “Seçki Məcəlləsinin müddəalarının təşviq edilməsinə dəstək” mövzusunda sessiya keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Tədbirə 18 şəhər və rayonun icra hakimiyyətlərinin başçıları, 30 dairə seçki komissiyasının sədrləri qatılmışdı.
Sessiyanı giriş sözü ilə açan ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose-Luis Herrero Ansola tədbirin məqsədi və əhəmiyyətini vurğulamaqla demokratik, ədalətli və şəffaf seçkilər keçirilməsinin hər bir cəmiyyətin sabitliyinin mühüm atributu olduğunu, Avropa seçki təcrübəsinin öyrənilməsi və tətbiqinin vacibliyini xüsusi nəzərə çarpdırmışdır.
Səfir əlavə etmişdir ki, hər bir seçkinin dəyəri insanların geniş etimadına əsaslanması, azad, ədalətli və şəffaf keçirilməsi, seçki prosesinə kənar müdaxilələrin olmaması ilə ölçülür. Seçki bir günün tamaşası yox, uzun, gərgin və obyektiv zəhmətin məntiqi yekunudur. Azərbaycanda keçirilən əvvəlki seçkiləri müşahidə edən ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları bürosu öz hesabatlarında uğurları ilə nöqsanları göstərmişdi. Şübhəsiz, ötən seçkilərin bütün müsbət və mənfi tərəfləri hərtərəfli araşdırılaraq obyektiv qiymətləndirilmişdir. Azərbaycan Prezidenti və ölkə parlamenti tərəfindən əlavə bir sıra qanunlar qəbul edilməsi seçki məsələlərinin daha ədalətli həllinə yönələn təşəbbüslər kimi dəyərləndirilir.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev qeyd etmişdir ki, seçkilərin ədalətli və şəffaf keçirilməsi ölkənin Beynəlxaq imicini müəyyənləşdirən ciddi amildir. Obyektiv keçirilən seçkilər cəmiyyəti daha da saflaşdırır, demokratiyanın təntənəsinə yol açır. Azərbaycanda seçkilər bu prinsiplər əsasında keçirilir.
Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov dairə və məntəqə seçki komissiyalarının vəzifələri və öhdəlikləri barədə söz açmış, beynəlxalq seçki standartları haqqında məlumat vermişdir.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Mərdan Camalov 1969-cu ilin 14 iyul gününü ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlməsini tarixi hadisə adlandırmış, ölkədə əsl demokratik seçki ənənələrinin ümummilli liderin adı ilə bağlı olduğunu söyləmişdir.
Avropa Komissiyasının seçkilərə dəstək üzrə metodiki vəsaiti ilə tanış olan tədbir iştirakçılarını maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılmışdir.