Şirvanın bədii metalı: boyunbağılar
Bakı, 19 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda saxlanılan tapıntıların bir hissəsini bədii metal nümunələri təşkil edir. Bu nümunələr arasında Mollaisaqlı kolleksiyasından olan, 2002-ci ildə təsərrüfat işləri zamanı təsadüfən tapılmış və elə həmin il muzeyə təhvil verilmiş 3 ədəd tunc boyunbağı diqqəti cəlb edir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tunc boyunbağılar tökmə, döymə və əymə üsulları ilə hazırlanıb. Boyunbağıların səthi saya, sonluqları qatlanıb. Bədii metalişləmə nümunəsinin böyük zövqlə hazırlanması Şirvan sənətkarlarının yüksək peşəkarlığından xəbər verir.
Mütəxəssislər tərəfindən həmin eksponatın dövrü antik dövrə - eramızdan əvvəl IV - bizim eranın I əsrlərinə aid edilir.
Bu maddi mədəniyyət nümunəsindən antik dövrdə metalişləmənin inkişaf səviyyəsini öyrənmək üçün mənbə kimi istifadə oluna bilər.