Siyasi ekspert: BMT bəzi ölkələrin əlində oyuncaq olduğunu fəaliyyəti ilə təsdiqləyib
Bakı, 19 oktyabr, AZƏRTAC
BMT-nin fəaliyyətsizliyini illərdir izləyirik. Bu günədək bu qurum heç bir işğalçını öz adı ilə çağırmağa nail ola bilməyib. Digər tərəfdən qurumda təmsil olunan ölkələrin nümayəndələri problemi həll edə bilməsə də, bu qurumdan özlərinə sərf edən zamanlarda tramplin kimi, bəyanat, qətnamə, veto hüququndan istifadə edərək onu istədiklərinə uyğun şəkildə manipulyasiya edirlər.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Vüsalə Hüseynli bildirib.
O vurğulayıb ki, son vaxtlar gedən prosesləri izləyərkən yuxarıda qeyd olunan mənzərə açıq şəkildə görünür. Unutmayaq ki, uzun illər Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnaməsinə sahib çıxmağı bacarmayan BMT-nin Azərbaycana və digər ölkələrə qarşı nümayiş etdirdiyi münasibət göz önündədir. İstər ərazilərimiz işğal altında olanda, istərsə də ərazi bütövlüyümüz tam təmin olunduqdan sonra BMT-nin bizə olan münasibəti və ya Azərbaycana qarşı haqsız tələblərlə çıxış edən ölkələrə qol-qanad gəlməsinə şərait yaratması, iclaslar çağırması bu qurumun dünyanın güclü ölkələrinin əlində oyuncağa çevrildiyini bir daha təsdiqləyir. Əks halda, Fransa, ABŞ və digərləri bu qurumun tribunasından başqa ölkələrə təzyiq mexanizmindən istifadə etməzlər. Sadaladığımız faktlar isə bir daha ona işarə edir ki, dövlətimizin başçısının vurğuladığı kimi, artıq BMT-də və onun strukturlarında ciddi islahatların aparılmasının zamanıdır.